25 Noyabr 2016 - 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı

29 noyabr -2 dekabr tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları “Bakutel 2016” sərgi və konfransı keçiriləcək. Regionun ən böyük tədbirlərindən biri olan “Bakutel” sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya bazarının aparıcı iştirakçılarını öz platformasında bir araya toplayır. İT üzrə məhsul və xidmətlərin nümayiş olunduğu əsas meydança kimi, “Bakutel” sərgisi möhkəm əlaqələrin qurulduğu və yeni müəssisələrin təsis olunduğu başlıca biznes-platformaya çevrilmişdir. Uzun illər ərzində “Bakutel” sərgisi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstəyi ilə keçirilir. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) kimi beynəlxalq təşkilatların dəstəyi, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən sərgiyə verilmiş keyfiyyət nişanı “Bakutel” sərgisinin beynəlxalq nüfuzunu bir daha təsdiq edir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “Caspian Event Organisers” “CEO” şirkətləri çıxış edirlər.

Bu ilki sərgidə Azərbaycan, ABŞ, Almaniya, Türkiyə və digər ölkələri təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. İştirakçıların 40%-i “Bakutel” sərgisinin daimi eksponentləridir. Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil / rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribyutorları yer alır. Ənənəvi olaraq, sərgidə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə iştirak edən bir sıra ölkələrin milli stendləri təqdim olunur. 

Sərgi çərçivəsində “Gözdən əlil uşaqlar üçün səsli kitabxana”, “Muzeylərin rəqəmsamlaşdırlması” layihələrinin təqdimatı baş tutacaq. Eyni zamanda, sərgi çoxsaylı konfrans və forumlarla müşayət olunacaq. 

Beləliklə, ölkənin İKT sahəsi bu sektor üzrə əsas tədbiri – beynəlxalq “Bakutel” sərgisini intizarla gözləyir və bu tədbirə hazırlaşır. Sərgidə işgüzar görüş və danışıqlarla yanaşı, bir sıra sürprizlər, eləcə də müsabiqə və viktorinalar sərginin bütün iştirakçı və ziyarətçilərinin yolunu gözləyir.